Sumqayıt Tibb Mərkəzində icra olunan cərrahiyyə əməliyyatları 30 faiz artıb
Sumqayıt, 25 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzində (STM) cərrahi xidmətin 6 aylıq nəticələri müzakirə olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, STM-in direktor müavinlərinin, tabeli tibb müəssisələrinin baş həkimlərinin və cərrahlarının iştirak etdiyi konfransda müasir təbabətin ümdə vəzifəsinin düzgün diaqnostika olduğu qeyd edilib. Mərkəzin direktoru Elnur Azadxanov hesabat dövründə bir sıra uğurların əldə edildiyin diqqətə çatdırıb. Qeyd edib ki, STM-in xəstəxanalarında mürəkkəb əməliyyatlar icra olunur. O, tibb müəssisələrində yeni cərrahi xidmətlərin yaradılacağını, kadr potensialının daha da gücləndiriləcəyini bildirib.
STM-in cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov 2024-cü ilin ilk 6 ayı ərzində icra olunan əməliyyatların müxtəlifliyindən danışıb. Vurğulayıb ki, hesabat dövründə STM-in müəssisələrində 5375 cərrahi əməliyyat həyata keçirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. Bildirilib ki, iyun ayından start verilən endoprotez əməliyyatlarının sayı 20-ni ötüb. O, nəinki Sumqayıtdan, hətta regionlardan da vətəndaşların əməliyyat olunmaq üçün STM-ni seçdiklərini sözlərinə əlavə edib.
Digər çıxış edənlər hesabat dövründə cərrahi xidmətlər barəsində geniş məlumat veriblər.
Konfrans qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.