Sumqayıt Tibb Mərkəzində Vətən müharibəsi qəhrəmanları anılıb
Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) tibb müəssislərində çalışan şəhid ailələrinin və qazilərin iştirakı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Vətən uğrunda canlarını fəda etmiş igid oğulların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.
STM-in direktoru Səkinə Sadıxova Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.
O, 44 gün davam edən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayaraq, rəhbərlik etdiyi mərkəz tərəfindən şəhid ailələri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğulların həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Qeyd olunub ki, rəhbərlik etdiyi təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində "Bayfilm" MMC tərəfindən "Missiya" adlı film ərsəyə gətirilib. Filmin bəzi epizodları Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli xəstəxanasında lentə alınıb.
Vətən müharibəsində şəhadətə ucalmış qəhrəman Tərlan Rzayevin anası, Uşaq Xəstəxanasının əməkdaşı Simnarə Səlimova bildiriblər ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bütövlüyümüzün təmin olunmasına səbəb oldu. O, qəhrəman şəhidlərin daim xalqımızın qəlbində yaşayacağına əminliyin bildirib.
Digər natiqlər müqəddəs yolda canını fəda edən, bizə böyük Qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıblar.
Tədbir "Missiya" qısametrajlı bədii filmi nümayışı ilə davam edib.