Sumqayıtda Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “dəyirmi masa” keçirilmişdir
Sumqayıt, 30 mart (AZƏRTAC). Martın 30-da Sumqayıt Tarix Muzeyinin konfrans salonunda 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “dəyirmi masa” olmuşdur. Açıq dialoq formatında keçirilən tədbir şəhər icra hakimiyyəti tərəfindən təşkil olunmuşdur. “Dəyirmi masa”da Milli Məclisin deputatları, Sumqayıtın müəssisə və təşkilatlarının, bələdiyyənin rəhbərləri, tarixçi alimlər, habelə şəhər ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbiri açaraq demişdir: “13 il əvvəl, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin Fərmanı ilə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Strateji əhəmiyyət daşıyan bu sənəd xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsinin canlandırılmasının başlanğıcını qoymuşdur”. E.Əzizov vurğulamışdır ki, ermənilərin dəfələrlə törətdikləri, amma uzun illər siyasi-hüquqi qiymət verilməyən Azərbaycan xalqına qarşı soyqırımı hazırda dərin araşdırma, ciddi tədqiqatlar və ətraflı təhlil mövzusuna çevrilmişdir. Bütün bunlar xalqımızın tarixi yaddaşının bərpa olunmasına xidmət edir, gənc nəsildə vətənpərvərlik əhval-ruhiyyəsini yüksəldir.
“Dəyirmi masa”nın diskussiya və müzakirələrində fəal iştirak edən Bakı və Sumqayıt dövlət universitetlərinin müəllimləri ermənilərin ayrı-ayrı dövrlərdə respublikanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı törətdikləri amansız qətliamları, talanları, yanğınları, digər zorakılıq aktlarını sübuta yetirən statistik məlumatları və arxiv sənədlərindən faktları təqdim etmişlər. Çıxışlarda xüsusi vurğulanmışdır ki, 1918-ci ildə azərbaycanlıların soyqırımı 1990-cı il Bakıda törədilmiş Qanlı Yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı ilə yanaşı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Ermənilərin törətdikləri soyqırımı aktı nəticəsində on minlərlə dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və ahıllar misli görünməmiş vəhşiliklə qətlə yetirilmişdir.
“Dəyirmi masa”ya yekun vuran Eldar Əzizov demişdir: “Respublikamız müharibə vəziyyətindədir. İnkişaf etmiş iqtisadiyyat güclü silahdır. Azərbaycan dinamik inkişaf edir, onun qüdrəti artır. Bu da dövlətimizin başçısı İlham Əliyevə müstəqil siyasət yeritmək imkanı verir”. E.Əzizov soyqırımı haqqında sumqayıtlı tarixçilərin kitab hazırlamaq təklifini dəstəkləmişdir. Bununla əlaqədar işçi qrupunun yaradılması barədə qərar qəbul edilmişdir.
Sonda “dəyirmi masa” iştirakçıları 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanatla çıxış etmişlər.
######
