Sumqayıtda bir ailənin altı üzvü dəm qazından boğulub
Bakı, 5 mart, AZƏRTAC
Martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11 ünvanında yerləşən binanın zirzəmisində yaşayış yeri kimi istifadə olunan sahədə 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlunun, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızının, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızının, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlunun, 2010-cu il təvəllüdlü Abbasova Zemfira Qüdrət qızının və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızının meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən həmin şəxslərin dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.
Hazırda hadisənin başvermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.