İQTİSADİYYAT
SUMQAYITDA YENİ ASFALT ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR
Bu müasir zavod gündə 1500 ton asfalt istehsal edəcəkdir. Həm də 1 ton asfalt istehsalına üç dəfə az mazut sərf olunacaqdır. Zavodda elektrik enerjisinə də qənaət ediləcəkdir.
Müəssisənin açılış mərasiminə toplaşanlar ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla andılar. Nəqliyyat naziri Ziya Məmmədov mərasimdə çıxış edərək bildirdi ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 34 il tərəqqi, milli qürur hissinin təsdiqi illəri olmuşdur. Bu dövr ölkə iqtisadiyyatının yüksəlişi ilə əlamətdardır.
Nazir vurğuladı ki, yollar ölkənin mühüm infrastrukturlarından biridir. Sovet dövründə tikilmiş asfalt zavodlarının köhnəlməsi yol təsərrüfatının vəziyyətinə mənfi təsir göstərir. İndi nazirlik dövlətimizin başçısı İlham Əliyevin tapşırığını yerinə yetirərək, 2006-cı ilədək ölkənin ümumi uzunluğu 26 min kilometr olan yollarını sahmana salmaq niyyətindədir. Bu proqramı həyata keçirmək üçün Dünya Bankı, habelə Çexiya, Küveyt və digər ölkələrin maliyyə qurumları ilə danışıqlar aparılır.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev toplaşanları təbrik edərək dedi ki, bu müasir müəssisənin məhz görkəmli siyasi və dövlət xadiminin doğum günündə istifadəyə verilməsinin rəmzi mənası var. Heydər Əliyevin bütün həyatı və fəaliyyəti qurub-yaratmaqla bağlı olmuşdur. O, həyatının mənasını vətəninin tərəqqisində görürdü.
Qırmızı lent kəsildikdən sonra toplaşanların alqış sədaları altında bunkerdən ilk yüksək keyfiyyətli asfalt boşaldıldı.