Sumqayıtdakı Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının məzarlarını al qərənfillər bəzəyir
Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olan 20 Yanvar faciəsinin 26-cı ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunur.
Ümumxalq Hüzn Günündə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, deputatlar, minlərlə sumqayıtlı şəhərdəki Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan abidəni və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər.
Azərbaycan Respublikasının dövlət himni səslənib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, sumqayıtlılar da 20 Yanvarı yalnız faciə kimi deyil, şərəf və qəhrəmanlıq günü kimi xatırlayırlar. Sovet imperiyası 1990-cı il yanvarın 20-də Bakıda görünməmiş vəhşiliklər törətsə də, xalqımızın azadlıq arzusunu boğa bilmədi. Bu faciə milli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait yaradılması baxımından güclü zəmin yaradıb. 20 Yanvar faciəsindən sonra ölkənin milli müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. O dəhşətli gecədə baş verən qanlı hadisələrdən zaman etibarilə uzaqlaşsaq da, xalqımız Vətən şəhidlərini heç vaxt unutmur, xatirələrini həmişə yad edir.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının buradakı məzarlarını al qərənfillər bəzəyir. Sumqayıtlılar itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına da çiçəklər qoyurdular.
20 Yanvar faciəsində şəhid olmuş Sumqayıt alimlərinin Ceyranbatan qəsəbəsində yerləşən xatirə abidəsi də ziyarət edilib.
Xatırladaq ki, abidənin ucaldığı ərazidə 1990-cı il yanvar ayının 24-də Azərbaycanın görkəmli alimləri, professorlar İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutuna işə gedərkən imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.