SUMQAYITIN TELEKOMMUNİKASİYA İMKANLARI GENİŞLƏNİR
Ümummilli liderimiz Prezident Heydər Əliyevin iştirakı ilə 1993-cü ildə istifadəyə verilmiş 2 nömrəli ATS getdikcə öz imkanlarını genişləndirərək, hazırda 4 nömrəli ATS-lə yanaşı, şəhərin 5 mikrorayon və 4 məhəllədən ibarət böyük yaşayış massivinin 15 min 800 abunəçisinə xidmət göstərir.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev bu münasibətlə keçirilən mərasimdə şəhər sakinlərini bayram münasibətilə təbrik edərək bildirmişdir ki, son bir ildə Sumqayıtda fiber-optik kabelə qoşulmuş 3 müasir ATS istifadəyə verilmişdir ki, bu da telekommunikasiya şəbəkəsi abunəçilərinin sayının artmasına və texniki xidmətin keyfiyyətinin yaxşılaşmasına kömək etmişdir.
Sumqayıt telekommunikasiya şəbəkəsinin rəisi Akif Əsgərov, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Türkiyənin “Alkatel-Teletaş” firmasının nümayəndəsi Mətin Tütün tədbirdə çıxış edərək bildirmişlər ki, Azərbaycan rabitəçiləri dövlətimizin başçısı İlham Əliyevin fərmanlarını yerinə yetirmək və texniki təchizatı dünya standartlarına uyğun vəziyyətə gətirmək əzmindədirlər ki, bu da Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramının tələblərinə cavab verir. Qeyd edilmişdir ki, Sumqayıtda təxminən 49 min abunəçiyə xidmət göstərən 7 ATS fəaliyyət göstərir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şəhərin telekommunikasiya şəbəkəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və abonentlərin sayının daha 20 min artırılması ilə bağlı fəaliyyətini davam etdirmək niyyətindədir.
Məktəblilər tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, Vətəni tərənnüm edən şerlər oxumuşlar.
Sonra aztəminatlı ailələrdən olan yeni abunəçilərə telefon aparatları bağışlanmışdır.
Mərasim iştirakçıları stansiyada quraşdırılmış yeni avadanlıqla da tanış olmuşlar.