CƏMİYYƏT
Sümük iliyi transplantasiyası yeni satınalınan avadanlıqlar vasitəsilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək

Bakı, 28 sentyabr, AZƏRTAC
Xidmətlər zərfinə yeni daxil olan sümük iliyi transplantasiyası üçün yeni əhəmiyyətli avadanlıqlar alınıb.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnzibati idarəetmə departamenti, Təchizat və satınalma şöbəsinin müdiri Anar Rəhimov deyib. O qeyd edib ki, vətəndaşlar üçün dəyəri yüksək transplantasiya əməliyyatları icbari tibbi sığorta ilə artıq əlçatandır. Sümük iliyi transplantasiyası yeni satın alınmış avadanlıqlar vasitəsilə müasir müalicə üsulu olan aferez yolu ilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək.
Artıq leykoz, mieloma, limfama kimi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin icbari tibbi sığorta çərçivəsində effektiv müalicəsi mümkün olacaq. Müasir tələblərə uyğunlaşan effektiv müalicə üsulunun tətbiqi sümük iliyi transplantasiyası əməliyyatının icrası üçün lazımi avadanlıq və resurslara qənaətə də imkan verir.
Şöbə müdiri agentlik tərəfindən satınalınan və əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatlar tərəfindən ianə olunan avadanlıqlar barədə də danışıb. Onun sözlərinə görə, agentlik tərəfindən 2022-2023-cü illərdə dəyəri 40 milyon manatdan çox olan 254 adda 3 min 344 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb.
O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində agentliyə ianə edilmiş avadanlıqların ümumi dəyəri 5 milyon 950 min manatdır. Həmin avadanlıqların sırasında defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulanlar üçün küvəz, radiant qızdırıcı, fototerapiya cihazı, holter monitorunu və digərlərini qeyd etmək olar.