Süni intellekt və startaplar gənclərin əmək bazarındakı rolunu gücləndirir – Ekspert rəyi
Bakı, 9 iyul, AZƏRTAC
Rəqəmsallaşma, süni intellekt və innovativ texnologiyaların sürətli inkişafı gənclərin əmək bazarında mövqeyini gücləndirən əsas amillərdən birinə çevrilib. Ekspertlər hesab edirlər ki, son illərdə Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatlar və formalaşan rəqəmsal ekosistem gənclər üçün yeni imkanlar yaradıb.
AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, gənclərin əmək bazarında yer tutması tarixən asan olmayıb. Onun sözlərinə görə, işəgötürənlər, o cümlədən dövlət sektoru daha çox peşəkar və təcrübəli kadrlara üstünlük versələr də, müasir dövrdə yaranan yeni peşələr bu tendensiyanı dəyişməyə başlayıb.
“Eyni zamanda yeni yaranan ixtisaslar, rəqəmsal həllərin tətbiqi, startapların inkişafı və innovativ texnologiyaların iş yerlərində geniş istifadə olunması gənclərin üstünlük qazandığı sahələrdir. Gənclər bu proseslərə daha tez adaptasiya olur, yeni bacarıqları daha sürətlə mənimsəyirlər. Artıq ali təhsil dövründən etibarən bu istiqamətdə bilik və bacarıqlar formalaşdırılır”, - deyə ekspert vurğulayıb.
Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanın rəqəmsallaşma istiqamətində həyata keçirdiyi dövlət proqramları, müxtəlif qurumların reallaşdırdığı layihələr və innovasiya ekosisteminin inkişafı əmək bazarında yeni imkanlar yaradıb.
“10-20 il əvvəlki dövrlə müqayisədə bu gün gənclər üçün daha əlverişli mühit formalaşıb. İqtisadiyyatın rəqəmsal seqmentinin genişlənməsi, elektron ticarətin inkişafı, startapların sayının artması və süni intellektin əmək fəaliyyətində rolunun güclənməsi gənclər üçün mühüm fürsətlər yaradır. Bu sahələrin hər birində gənclər yaşlı nəsillə müqayisədə daha sürətlə uyğunlaşır və ən yüksək məhsuldarlıq məhz onların fəaliyyətində müşahidə olunur”, - deyə iqtisadçı-ekspert əlavə edib.
Müxbir – Pərvanə Qafarova