Suraxanıda “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş sislsilə tədbirlər keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Suraxanı rayonunda “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Suraxanı İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev Mərkəzində elektron lektoriya zalında martın 31-də rayonun ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycanlıların Soyqırımı haqqında filmin nümayişi təşkil etdirilmişdir. Filmdə ermənilərin törətdiyi dəhşətli cinayət hadisələri bir daha şagirdlərin diqqətinə çatdırılmışdır.
Bütün məktəblərdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunmuşdur.
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlərdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etmişlər.
Çıxış edənlər bildirmişlər ki, mart ayının 31-i son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Çıxış edənlər qeyd etmişlər ki, 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Belə bir kompleksin inşası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti tədbir iştirakçıları tərəfindən xüsusi qeyd edilmişdir.