SURİYA BEYRUTDA TÖRƏDİLMİŞ TERROR AKTINI ÖLKƏNİN NÜFUZUNU SARSITMAQ CƏHDİ KİMİ QİYMƏTLƏNDİRİR
Bəyanatda deyilir ki, Beyrutun ətraf qəsəbəsində bu terror aktını həyata keçirmək üçün seçilən məqam Suriya hökumətinə qarşı yönəldilmişdir. Məsələ bundadır ki, Livanın sabiq Baş naziri Rəfiq Həririnin qətlini araşdıran BMT komissiyası dekabrın 11-də baş katib Kofi Annana ikinci hesabat təqdim etmişdir. Komissiyanın oktyabrda açıqlanmış birinci hesabatında Həririnin öldürülməsində Suriyanın yüksək vəzifəli məmurlarının əli olduğu göstərilir.
Livan druzlarının lideri və ölkə parlamentinin deputatı Valid Cumblat sonuncu terror aktında da Suriyanın əli olduğunu bildirmişdir. O, özünün Suriya əleyhinə baxışları ilə tanınmış jurnalist və deputat Cübran Tueninin qətlə yetirilməsində Dəməşqi təqsirləndirmişdir. Cumblat Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində demişdir ki, Beyrutdakı partlayış BMT komissiyasının apardığı təhqiqatla bağlıdır. Lakin o dəqiqləşdirmişdir ki, Suriyanın ünvanına söylədiyi ittihamlar onun şəxsi fikridir.
Xatırladaq ki, Tueni dekabrın 11-də Livan paytaxtında onun maşınına qoyulmuş bombanın partladılması nəticəsində həlak olmuşdur. Həmin terror aktı zamanı dörd adam ölmüş, 10 nəfər yaralanmışdır. Onların ikisi ağır vəziyyətdədir.