“Şuşa İli” ilə bağlı tədbir maraqlı və yaddaqalan olub
Yevlax, 4 aprel, AZƏRTAC
Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Yevlax şəhər yaradıcılıq evində təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti səhnəciklərlə, şeirlərlə xatırlanıb.
Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.
Tədbirdə “Arşın mal alan” operettasından “Qızların xoru” səhnəsi nümayiş etdirilib.
Sonda məktəb kollektivinin ifasında “Əziz Şuşa” mahnısı ifa edilib və tədbirin təşkilində xüsusi əməyi olan əməkdaşlar dəyərli hədiyyələrlə təltif olunub.