Şuşa teatrı “Xocalım, biz qayıdırıq!” adlı ədəbi–bədii kompozisiya təqdim edəcək
Bakı, 23 fevral, AZƏRTAC
“Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrı fevralın 26-dək anım mərasimləri təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, anım mərasimlərində “Xocalım, biz qayıdırıq!” adlı ədəbi-bədii kompozisiya təqdim olunacaq. Kompozisiyanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, videomühəndis Vadim Kuskovdur.
Kompozisiyanın hazırlanmasında Xalq şairi Zəlimxan Yaqubun, Zərəngiz Mansurovanın, Nazir Rüstəmin şeirlərindən, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Hacı Xanməmmədovun, Polad Bülbüloğlunun, Faiq Sücəddinovun, eləcə də Azərbaycan xalq musiqisindən və videomateriallardan istifadə olunub.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı xalqımızın, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsinin nəticəsində qazanılan böyük Qələbə, illərlə Azərbaycan xalqına olan haqsızlığa ən layiqli cavab idi. Azərbaycan ordusu bütün şəhidlərimizin, o cümlədən Xocalıda şəhid olan körpələrin, qadınların, qocaların, torpağı uğrunda mübarizəyə qalxan gənclərin qisasını almış olub. Amma bütün bunlara baxmayaraq, 26 fevral 1992-ci ildə əsir götürülən, itkin düşən, şəhid olan köməksiz soydaşlarımızın əziz xatirəsi əbədi olaraq xalqımız tərəfindən hörmətlə anılır və xalqımız var olduqca daim anılacaq. Bu bizim hər birimizin vətəndaşlıq borcudur.