REGİONLAR
Şuşada 32 ildən sonra ilk toy mərasimi keçirilib YENİLƏNİB VİDEO
Şuşa, 6 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi “İsa bulağı” istirahət kompleksində təşkil olunub. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, Şuşa sakinləri və rəsmi şəxslər iştirak ediblər.
Bəyin valideynləri bu xoş gündə təəssüratını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. Bəyin atası Elman Məmmədov deyib: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Ali Baş Komandan başda olmaqla Ordumuzu, xalqımızı qorusun. Çox fərəhli, xoş gündür. Çox həyəcanlıyam. 32 ildən sonra doğma yurdumuzda toy sədaları eşidilir. Bu gün oğlum - 44 günlük Vətən müharibəsinin qazisi Elmirin toyudur. Allah xalqımıza hər zaman belə xoş, sevincli günlər nəsib eləsin”.
Bəyin anası Mehriban Məmmədova bildirib: “Çox həyəcanlıyıq. Sevinc və fəxr hissləri bir-birinə qarışıb. Şuşamızın toylu-büsatlı günləri başlayıb. Allah bir də bizə pis günlər göstərməsin”.
Toyu olan Elmir Məmmədov şad gününün Şuşada keçirildiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Sevincliyəm, 32 ildən sonra Şuşada ilk toy sədaları mənim üçün səslənir. Şükür bu günümüzə, Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımız azad edildi. Mən də 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Toy mərasimim Şuşada keçirildiyi üçün özümü çox xoşbəxt hesab edirəm”.
Qeyd edək ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.