SXA-nın Paralimpiya İdman Kompleksində 200-dən çox idmançı xidmətlərdən yararlanır
Bakı, 9 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Paralimpiya İdman Kompleksində hazırda 204 idmançı xidmətlərdən yararlanır.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, müəssisə əlilliyi olan şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir.
Kompleksdə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq şəraitində təlim-məşq toplanışları, məşqlər təşkil olunur.
İdmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şəraitə malik olan Paralimpiya İdman Kompleksində hazırda 12-dən çox idman növü (paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və s.) üzrə məşqlər keçirilir. Onlardan 8-i paralimpiya idman növlərinə daxildir.