Tacikistanda Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirilmişdir
Düşənbə, 31 mart (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar mərasim keçirilmişdir.
Tədbirdə səfirlik tərəfindən Düşənbədə rus və ingilis dillərində çap olunmuş “Tarixi xalqın yaddaşından silmək olmaz” kitabçasının təqdimatı da olmuşdur.
Mərasimdə Tacikistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, tacik xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev 1918-ci ildə Azərbaycanın şəhər və rayonlarında ermənilər tərəfindən həyata keçirilən soyqırımı siyasəti haqqında məlumat vermişdir. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələri, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, baş vermiş ağır cinayətlərin tədqiqi ilə bağlı komissiya yaradılması haqqında qərar qəbul etmişdir. Səfir demişdir ki, mart faciəsi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə AXC-nin Xarici İşlər Nazirliyində xüsusi struktur yaradılmış və 1919-1920-ci illərdə 31 mart ümumxalq hüzn günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlıların soyqırımına məruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğramışdır.
M.Əliyev qeyd etmişdir ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. Məhz bundan sonra 31 mart Azərbaycanlıların soyqırımı günü kimi tarixə düşmüşdür.
Səfirlər və diasporumuzun üzvləri bu qanlı hadisələri pisləmişlər.
“Tarixi xalqın yaddaşından silmək olmaz” kitabçası Tacikistanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarına, həmçinin səfirlik və beynəlxalq təşkilatlara, KİV-lərə göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə