İDMAN
Taekvondoçularımız Olimpiadaya daha çox lisenziya qazanmaq üçün İtaliyada beynəlxalq yarışa qatılacaqlar
Bakı, 15 fevral, AZƏRTAC
Bu il Tokio Olimpiadasına lisenziya xalları qazanmaq üçün həlledici dövr olduğu üçün komandamız daha ciddi hazırlaşmağa başlayıb. Hədəfimiz idmançılarımızın bu mötəbər yarışa vəsiqə əldə etmələrinə nail olmaqdır. Tokio Olimpiadasına lisenziya qazanmaq baxımından ən önəmli yarış aprelin 18-19-da Milanda keçiriləcək. Həmin lisenziya yarışında iki qadın və bir kişi idmançı ilə təmsil olunacağıq. Çünki Milad Beigi Hərçəqani ötən il keçirilmiş turnirlərdə Olimpiya Oyunlarına vəsiqə qazandığı üçün Milandakı turnirə yalnız bir kişi idmançı ilə qatıla biləcəyik. Qadınlarda “Tokio-2020”yə hələlik vəsiqə əldə etmədiyimizə görə isə həmin lisenziya xarakterli yarışda iki qadın taekvondoçumuz iştirak edəcək. Çalışacağıq ki, Rio Olimpiadasında olduğu kimi, növbəti Olimpiya Oyunlarına da dörd idmançı ilə qatılaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində qadın taekvondoçulardan ibarət Azərbaycanın yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Elnur Amanov bildirib.
E.Amanov qeyd edib ki, hazırda yığma komandamızda 22 idmançı təlim-məşq toplanışlarına cəlb olunub. Onları gələcəkdə keçiriləcək beynəlxalq turnirlərdə sınayacağıq. Əsas məqsədimiz İtaliyadakı lisenziya xarakterli yarışda nəticə əldə edərək Tokio Olimpiadasına vəsiqə qazanmaqdır. Olimpiadaya hazırlığı indidən başlamışıq. Məşqlərimiz mütəmadi olaraq gündə iki dəfə keçirilir. Apreldə İtaliyada təşkil olunacaq turnirdə lisenziya qazansaq, Olimpiadaya hazırlıqla bağlı müxtəlif yerlərdə xüsusi təlim-məşq toplanışlarımız da olacaq.
Məşqçi diqqətə çatdırıb ki, apreldə Milanda təşkil olunacaq turnirin finalına yüksələn iki taekvondoçu Tokio Olimpiadasına birbaşa vəsiqə əldə edəcəyi üçün qitə birinciliyinin gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir. İtaliyadakı yarışda kişi idmançılardan Olimpiya çempionumuz Radik İsayevə, qadınlardan isə təcrübəli taekvondoçumuz Fəridə Əzizovaya və Patimat Abakarovaya şans verməyi düşünürük. Milad Beigi Hərçəqani (80 kq) hazırda Olimpiya reytinq cədvəlində ikinci yerdədir. Radik İsayevin (87 kq yuxarı) lisenziya xarakterli sonuncu Qran-Pridə Olimpiadaya birbaşa vəsiqə qazanması üçün cəmi səkkiz xalı çatmadı. Ancaq indi onun İtaliyadakı lisenziya turnirində Olimpiadaya vəsiqə qazanmaq imkanı var.
“Apreldəki turnirə qədər digər qadın və kişi idmançılarımızı da beynəlxalq yarışlarda sınayacağıq və daha hazırlıqlı idmançıları İtaliyaya aparacaq. Gələcəkdə həmin yarışda iştirak etməyə namizədlər arasında gənc və perspektivli, gənclər arasında dünya birinciliyinin qalibi, 2018-ci ildə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Cavad Ağayevi (63 kq) misal göstərə bilərəm. Eləcə də taekvondo üzrə respublika birinciliyinin qalibi, gənclər arasında dünya çempionatının mükafatçısı Qaşım Maqomedov da güclü və perspektivli idmançılarımızdan sayılır. Ümumiyyətlə, kişilərdən ibarət komandamızda turnirlərdə yaxşı nəticələr göstərən ehtiyat idmançılarımız formalaşıb”, - deyə yığmanın baş məşqçisi əlavə edib.
Mayda Xorvatiyada Avropa çempionatının da təşkil ediləcəyini vurğulayan E.Amanov deyib: “Tokio-2020”yə vəsiqə verən sonuncu turnir apreldə keçiriləcəyi üçün maydakı qitə birinciliyi lisenziya xarakteri daşımayacaq. Buna baxmayaraq, həmin mötəbər yarışa da komandamızın güclü və hazırlıqlı idmançılarını aparacağıq. Avropa çempionatına səkkiz oğlan və səkkiz qız taekvondoçu qatıla biləcək.