Tahir Mirkişili: İctimai nəqliyyatdan istifadə edənlərin sayı durmadan azalır
Bakı, 16 iyun, AZƏRTAC
Taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişinlərin isə şikayəti çoxalmaqdadır. Bakıda istifadə olunan taksi gedişlərini 60 faizi 1,5-3 kilometr məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır, son bir ildə avtobuslardan istifadə 40 faiz azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri parlamentin iyunun 16-da keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib
O bildirib ki, taksi sayının əhaliyə nisbətdə yüksək olması diqqət çəkir. Bu məsələ, eyni zamanda, şəhər nəqliyyat sisteminin, tıxacların idarə edilməsi üçün ciddi çağırışlar yaradır. Avtobus hesab edilməyən və taksi olmayan nəqliyyat vasitələri ilə sərnişin daşımaları fəaliyyəti tənzimlənmir. Daşımalar haqqında tənzimləyici qurumda məlumatlar olmadığından ictimai nəqliyyatın inkişafı ilə bağlı data əsaslı qərarlar qəbul etmək imkanı mümkün deyildir. İcazə blanklarından istifadə qaydalarının pozulması ilə bağlı normalar olmadığından sui-istifadə hallarının aradan qaldırılması çətinlik yaradır. Daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsi mövcud münasibətlər sisteminin tələblərinə uyğun deyil.