Tarix Muzeyində IV-V əsrlərə aid baş bəzəyi – tiara qorunur
Bakı, 19 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda erkən orta əsrlər dövrünə aid, böyük ustalıq və incəliklə hazırlanan bəzək əşyaları arasında polixrom üslubun ən gözəl nümunələrindən biri kimi qiymətləndirilən üçbuynuzlu baş bəzəyi - tiara xüsusi yer tutur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, baş bəzəyi 1967-ci ildə arxeoloq Cabbar Xəlilovun Şamaxı rayonu Xınıslı kəndi yaxınlığında apardığı qazıntılar zamanı daş qutu qəbirdən aşkar edilib. Baş bəzəyini düzəltmək üçün usta döymə, əymə, lehimləmə və qaş bərkitmə üsulları ilə üç ədəd düzbucaqlı tunc lövhənin üzərinə nazik qızıl təbəqəsi bərkidib, bunlardan nisbətən qısa olan mərkəzi lövhənin üst hissəsinə ortasında çıxıntısı olan qoşa buynuz və ya uçan quşun açılmış qanadlarını xatırladan hissələr əlavə edib. Ümumi çəkisi 69,7 qram olan tiaranın hər biri 12 santimetr uzunluqda olan iki böyük lövhəsində ayrı-ayrılıqda olmaqla 54 və 72 ədəd, mərkəzdəki uzunluğu 6,5 santimetrlik əlavə hissə ilə birlikdə 66 ədəd yarpaq, oval və üçbucaq formalı qırmızı süleyman daşları bərkidilib. Lövhələr ikiqat nazik qızıl məftillə haşiyələnib.
IV-V əsrlərə aid edilən bu tiaranın 72 qaşlı lövhəsində olan qiymətli daşlar arasında iki yaşıl rəngli qaş da var.