Tarix Muzeyinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun şəxsi əşyaları təqdim edilib
Bakı, 17 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun şəxsi əşyaları təqdim edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhid Ş.Həmidovun əşyaları onun qohumu, muzeyin əməkdaşı Zümrüd İsmayılova vasitəsilə muzeyə təqdim olunub.
Şükür Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. O, 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınması zamanı fərqləndiyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, “Qızıl Ulduz” medalı ilə təltif edilib.
Polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə iştirak edib, oktyabrın 22-də Qubadlı uğrunda döyüşlərdə şəhid olub, Bakıda II Fəxri xiyabanda dəfn edilib.
Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.