Tarix Muzeyinə şəhid Sənan Abdullayevə məxsus şəxsi əşyalar təhvil verilib
Bakı, 12 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə şəhid Sənan Abdullayevə məxsus şəxsi əşyalar təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidin şəxsi əşyaları muzeyin əməkdaşı Nigar Əhmədli tərəfindən muzeyə təqdim edilib.
Sənan Abdullayev 1998-ci ildə Bakı şəhərində anadan olub. O, 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin “N” saylı hərbi hissəsinin kəşfiyyat briqadasında, sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli hərbi xidmətdə olub, nümunəvi hərbi xidmətinə görə fəxri fərmanlarla təltif olunub.
İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərib, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib. Oktyabrın 5-də şəhid olan Sənan Abdullayev II Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.