Tarix Muzeyinin mövzu-ekspozisiya planı yenidən işlənir
Bakı, 17 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin bütün dövrlərini əks etdirəcək ekspozisiyasının qurulmasında hazırlıq işləri gedir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, yenidən qurulan ekspozisiyada hazırda sovet dövrünü əhatə edən Azərbaycan incəsənəti, təhsil, elm, mətbuat və ədəbiyyat vitrinlərinə aidiyyəti üzrə eksponatlar yerləşdirilir.
Eyni zamanda, muzeyin birinci mərtəbəsində ekspozisiya zalında xronoloji ardıcıllıqla Daş, Paleolit, Neolit, Eneolit, Tunc və Dəmir dövrlərinə aid eksponatlar (çaxmaqdaşı və dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, qadın bəzək əşyaları və s.), antik sikkələr vitrinlərdə öz yerini alır.