Tarixçi alim beynəlxalq konfransda Azərbaycan keramika sənətindən danışıb
Bakı, 3 may, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində keçirilən “Ahincanov oxumaları” adlı beynəlxalq elmi konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aida İsmayılovanın “Orta əsrlər dövründə qloballaşma: Azərbaycan keramika sənətində Çin keramikasının izləri” mövzusunda məruzəsi dinlənilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tarixçi alim Azərbaycan keramika sənətində Çin keramikasının izləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, sualları cavablandırıb.
Beynəlxalq konfrans Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi Komitəsi, Arxeologiya İnstitutu və digər qurumlar tərəfindən təşkil olunub.
Konfrans materialları nəşr ediləcək.