“Tarixi abidələrimizi tanıyaq” şüarı ilə gənclərin ekskursiyası təşkil olunub
Bakı, 20 aprel, AZƏRTAC
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin bu ilin 1-ci yarımilliyi üçün iş və tədbirlər planına əsasən, Kəpəz dağçılıq klubunun dəstəyi ilə gənclərin Gədəbəy rayonuna ekskursiyası həyata keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, ekskursiyanın məqsədi qədim tarixi abidələrimizin gənclər arasında tanıdılması və ölkəmizin turizm potensialını dünyada daha geniş formada təbliğ etməkdir.
Gədəbəy rayonuna səyahət zamanı Poladlı kəndində "Həmişəvəng" qədim alban monastırına, Miskinli kəndində almanlar tərəfindən XIX əsrdə dağ-mədən sənayesi məqsədilə tikilmiş "Qanlı körpüyə" və Düzyurd kəndindəki, təqribən 2 min metr hündürlükdə zirvədə yerləşən məşhur və qədim "Koroğlu" qalasına ziyarət edilib. Tarixi abidələrə ekskursiyada (Hiking) Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov iştirak edərək gəncləri müşayiət ediblər.