Tarixi Muzeyində eksponatların bərpa vəziyyətinə dair müzakirələr aparılıb
Bakı, 12 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa şurasının iclasında işçilərin fəaliyyət nəticələri müzakirə edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Bərpa şurasının sədri, Əməkdar mədəniyyət işçisi, bərpaçı-rəssam, sənətşünas Gülşən Hacıyeva rəngkarlıq, qrafika sahəsi üzrə müasir texnologiyaları tətbiq etməklə eksponatların bərpasının vacibliyini və əhəmiyyətini qeyd edib.
Bərpa laboratoriyasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Afət Rüstəmbəyova bərpa olunan materialları - zərgərlik və qrafika şöbəsinə aid eksponatları, tekstil, arxeoloji artefaktların üzərində görülən konservasiya və bərpa üsullarını nəzərdən keçirərək görülən işin keyfiyyətini yüksək qiymətləndirib.
Muzeyin Elmi-fond işləri üzrə direktor müavini, baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova fond rəhbərləri və laboratoriya işçiləri ilə birlikdə bərpa öncəsi və bərpadan sonrakı əşyaları nəzərdən keçirib, təklif olunan bərpa və konservasiya üsullarını müzakirə ediblər.
Sonda şura üzvləri əşyaların bərpa vəziyyətini qiymətləndirib, tövsiyələrini veriblər.
Qeyd edək ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid minlərlə eksponatın bərpası və konservasiyası muzeyin Bərpa laboratoriyasında həyata keçirilir. Bütün bərpa olunan materialların gələcəkdə muzeyin ekspozisiyası və sərgilərində nümayişi gözlənilir.