“Tarixin musiqi qapısı” – dahi bəstəkarların ruhu səhnədə adlı kompozisiya hazırlanıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında açıq səma altında Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə xüsusi musiqili-teatral kompozisiya nümayiş etdirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətinin görkəmli simalarının yaradıcılıq irsini yaşatmaq və gənc nəslə təqdim etməkdir.
“Tarixin musiqi qapısı” adlanan kompozisiya Dövlət Mahnı Teatrının solistlərinin ifasında Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə başlayıb.
Daha sonra aktyorlar Azərbaycan musiqisinin nəhəng şəxsiyyətlərini – Üzeyir Hacıbəyli (Tərlan İsmayılzadə), Qara Qarayev (Hüseynağa Aslanov), Fikrət Əmirov (Əməkdar artist İqrar Salamov), Asəf Zeynallı (Adil Qaçayev) və Maestro Niyazini (Orxan Abışov) tamaşaçılara təqdim ediblər.
Kompozisiyada həmçinin Xalq artisti Gülyaz Məmmədova (Telli), Ayşən Mehdiyeva (Sənəm), Fəxri Kazım-Nicat (Arşınmal), İdris Hüseynov (Mirzə Ələkbər Sabir), Toğrul Məmmədov (Mirzə Cəlil) obrazlarını canlandırıblar.
Bakı Xoreoqrafiya Akademiyasının tələbələri – Fərid Mürsəlov, İlahə Əlizadə və Samirə Ələkbərova da səhnədə çıxış ediblər. Tədbir boyunca Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri ifaları ilə gecəyə xüsusi rəng qatıb. Orkestrə dirijor Ellada Məmmədova, quruluşçu rejissor isə Təhminə Hümbətova olub.
Bu bədii kompozisiya tamaşaçılara təkcə ölməz musiqiləri təqdim etməyib, həm də onları milli musiqimizin müxtəlif dövrlərinə apararaq keçmişlə bu günü musiqinin dili ilə birləşdirib.