TASS agentliyinin Baş direktorunun yubileyi qeyd edilir
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də TASS agentliyinin Baş direktoru Sergey Mixaylovun 50 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin yubilyarı təbrik edib. Prezident Putin ümidvar olduğunu bildirib ki, TASS rəhbərinin təcrübə və enerjisinin bundan sonra da agentliyin uğurla inkişafına kömək edəcək.
Təbrik teleqramında deyilir: “Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirəm. ...Əminəm ki, sizin peşəkar bilikləriniz, təcrübə və yaradıcı enerjiniz TASS-ın inkişafına və dünyanın ən iri informasiya agentliklərindən biri kimi onun mövqelərinin möhkəmlənməsinə bundan sonra da kömək olacaq”.
Rusiya dövlətinin başçısı qeyd edib ki, jurnalistikada uzun müddət və uğurla çalışan Sergey Mixaylov həqiqətən də yüksək, şəksiz nüfuza malikdir. Putin yubilyara cansağlığı diləyib və xoş arzularını bildirib.
Dünyanın aparıcı agentliyinin başçısını Federasiya Şurasının spikeri Valentina Matviyenko da təbrik edib. Rusiya parlamenti rəhbərinin təbrik teleqramında deyilir: “Siz öz fəaliyyətinizdə yaşı bir əsrdən artıq olan agentliyin təcrübəsində ən yaxşı ənənələri qoruyub saxlayırsınız. Bununla yanaşı, zamanın çağırışlarına cavab verir, informasiya xarakterli və analitik materialların hazırlanmasında müasir texnologiyaların, innovasiyaların tətbiqi kursunu ardıcıl olaraq həyata keçirir, istehsalat, idarəçilik, kadr və digər məsələlərin həllinə yaradıcı yanaşma nümayiş etdirirsiniz”.
V.Matviyenko daha sonra əlavə edib: “Agentliyin kollektivi, ictimaiyyət sizin bürokratlıqdan, təkəbbürdən, kobudluqdan uzaq, yüksək peşəkarlıq, məsuliyyət, əməkdaşlara diqqət və hörmət xüsusiyyətləri ilə seçilən iş üslubunuzu müsbət dəyərləndirir”.
Qeyd edək ki, Sergey Mixaylov Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyasının yaradıcılarından biridir, onun fəaliyyəti RF Prezidentinin təşəkkürnamələri ilə qeyd olunub. Martın 15-də Rusiya Prezidenti Vladimir Putin TASS-ın Baş direktorunu Rusiyanın “Dostluq” ordeni ilə təltif edib.
AZƏRTAC-ın kollektivi də Sergey Mixaylovu yubiley münasibətilə təbrik edir və ona ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə bundan sonra da uğurlar arzulayır.