Tbilisidə keçirilən beynəlxalq forumda Azərbaycanın Cənubi Qafqazdakı rolundan bəhs edilib
Tbilisi, 2 fevral, AZƏRTAC
Tbilisidə keçirilən “Gürcüstanın demokratik və iqtisadi inkişaf perspektivləri” adlı beynəlxalq forumda Azərbaycanın regiondakı rolundan bəhs olunub.
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili forumda ölkənin iqtisadi siyasətinin prioritetləri, regional əməkdaşlığı barədə məlumat verib.
Sonra forum panel iclaslarda işini davam etdirib.
Panel iclaslarda regional və transsərhəd əməkdaşlıq, enerji və texnoloji, informasiya- kommunikasiya texnologiyaları, logistika layihələri, beynəlxalq daşınmalar barədə fikirlər səsləndirilib. Bildirilib ki, Azərbaycanın və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə regionun deyil, Şərq və Qərb dövlətlərinin ümumi inkişafına zəmin yaradır.
Müzakirələr zamanı Cənubi Qafqazdakı münaqişələrin regional inkişafa yaratdığı problemlərdən də danışılıb. Bildirilib ki, bu münaqişələr həll olunmadan regionda davamlı inkişafa və sabitliyə nail olmaq mümkün deyil. Çıxış edənlər dünya birliyini bu münaqişələrin həllində fəal olmağa çağırıblar.
Gürcüstanın xarici işlər naziri Mixail Canalidze çıxışında Azərbaycanın ölkəsinin strateji tərəfdaşı və əsas enerji təminatçısı olduğunu bildirib.
Forumda və panel iclaslarda Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov, Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin rəhbəri Yanoş Herman, ABŞ, Almaniya, Türkiyə və digər ölkələrin səfirləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi