Tbilisidə Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Tbilisi, 17 mart, AZƏRTAC
Martın 17-də Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və muzeyin birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycana xas olan milli üslubda bəzədilmiş muzeydə Novruz xonçaları, xalçalar, məişət əşyaları nümayiş etdirilib.
Şənlikdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan, Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqauri, Təhsil Nazirliyinin məsul nümayəndəsi, parlamentin komitə sədrləri, deputatlar, Tbilisi şəhər meriyasının, sakrebulun məsul şəxsləri, “Socar Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, Qazaxıstan və Türkmənistan səfirliklərinin əməkdaşları, bir sıra dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində muzeyin əməkdaşı Leyla Əliyevanın təqdimatında Novruz bayramı haqqında gürcü dilində videoçarx nümayiş olunub.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Novruz bayramı ilə bağlı fikirlərini bölüşüb.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Novruz bayramının əhəmiyyəti və bayramın Azərbaycan və digər türkdilli xalqların həyatındakı rolundan danışıb.
Bildirib ki, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yer tutur və özünəməxsus adət-ənənələri ilə seçilir.
Diplomat Novruzun Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
F.Quliyev Novruz bayramının Gürcüstana da bol ruzi-bərəkət və əmin-amanlıq bəxş edəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi, Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri, parlamentin Diaspor və Qafqaz məsələləri üzrə komitəsinin sədri Beka Odişariya, Tbilisi sakrebulosunun sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Andria Basilaya çıxış edərək azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.
Bayram tədbiri bədii proqramla davam etdirilib. “Ceyran” və “Sarvan” rəqs ansamblları, gənc musiqiçi Ramin Pirməmmədov tarda, aşıq Nargilə Mehdiyevanın rəhbərlik etdiyi “Meydan qrupu” Azərbaycan milli rəqs və mahnılarını ifa ediblər.
Qonaqlar Novruz şirniyyatları ilə yanaşı, Azərbaycanın milli mətbəx nümunələrinin də dadına baxıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi