QAN YADDAŞI
Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı avtoyürüş təşkil olunub
![](/files/galleryphoto/2023/1/1200x630/16772605152354324371_1200x630.png)
![](/files/galleryphoto/2023/1/1200x630/16772605153921764340_1200x630.png)
![](/files/galleryphoto/2023/1/1200x630/1677260515327653204_1200x630.png)
Tbilisi, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Tbilisidə tanıtım aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Gürcüstandakı "Azərbaycan Evi", AZEBİ və “Alyans” Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində təşkil olunub.
Aksiya zamanı üzərində gürcü və ingilis dillərində "Xocalıya ədalət!" yazısının əks olunduğu 4 ədəd yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektlərində hərəkət edib.
Tbilisinin Çavcavadze prospektindən başlayan avtomobil karvanı Rustaveli prospekti, Azadlıq meydanı, Pekini, Kostava, Marcanişvili metrostansiyalarının qarşısından və Cereteli prospektlərindən, eləcə də əhalinin və nəqliyyatın sıx olduğu digər küçələrdən keçib.
Aksiya üç gün davam edəcək.
Gürcüstandakı "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov AZƏRTAC-a müsahibəsində deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan "Xocalıya ədalət!" təbliğat və təşviqat kampaniyasına 10 ildən artıqdır ki, biz də qoşulmuşuq. Bu illər ərzində XX əsrin ən böyük qətliamı olan Xocalı soyqırımının tanıdılması və təbliği məqsədilə paytaxtda bir sıra tədbirlər, yürüşlər, aksiyalar və konfranslar keçirmişik. Builki aksiyamız bütün paytaxtı əhatə edir. Məqsəd 31 il öncə erməni cinayətkarlarının xalqımıza qarşı törətdiyi soyqırımını Gürcüstan ictimaiyyətinə, paytaxt sakinlərinə, eləcə də paytaxtda qonaq olan əcnəbilərə çatdırmaqdır” - deyə M.İmanov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi