Tbilisinin Vaşlidcvari rayonunda torpaq sürüşməsi təhlükəsi yaranıb
Tbilisi, 18 mart, AZƏRTAC
Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsi təhlükəsi yaranıb. Vaşlidcvari rayonunda magistral yolun yaxınlığında həm xeyli uzunluqda, həmdə çox dərin torpaq çatı yaranıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Tbilisi şəhər meri deyib.
Meriyadan bildirilib ki, torpaq sürüşməsi və dərin yarğanın yaranması Muxran Maçavariani küçəsində və dağ yamacında son illər aparılan qazıntı və tikinti işləri ilə əlaqədar ola bilər.
Meriya son illər Nutsubidze-Lisi-Vaşlidcvari yolunun üstündəki yamacda tikinti işləri aparır.
Tbilisi şəhər meriyası ərazidə yaranmış təhlükəni nəzərə alaraq yolun əsas hissəsində avtomobillərin hərəkətini qadağan edib.
Meriya yolda və torpaq sürüşməsinin qarşısını almaq, insanları mümkün təhlükələrdən qorumaq üçün tədbirlər görür. Yamac boyu yolda təhlükəsizliyi təmin etmək üçün beton sədlər tikilir.
Qeyd edək ki, torpaq sürüşməsinin qeydə alındığı ərazilərdə turizm obyektləri, göllər və digər əyləncə mərkəzləri var.
Eyni zamanda, həmin ərazidən paytaxtın Vake və Saburtalo rayonlarına içməli su xətləri çəkilib, bir sıra sənaye obyektlərinin, “Ti-bi-si” bankın yeni ofisinin tikintisi aparılır. Ərazidə bütün işlər dayandırılıb.
Mütəxəssislər hesab edirlər ki, 2015-ci il iyunun 13-dən 14-nə keçən gecə Tbilisidə Vera çayının daşması nəticəsində baş verən daşqından sonra bəzi ərazilərdə torpaq sürüşməsi fəallaşıb. Həmin vaxt bəzi ərazilərdə kiçik torpaq sürüşmələri də qeydə alınmışdı. İndi bu ərazilərdə yaranmış təbii fəlakətə baş vermiş daşqın da səbəb ola bilər.
Qeyd edək ki, həmin daşqın nəticəsində 22 nəfər həlak olmuşdu. Şəhər ərazisindəki zoopark və digər obyektlər, evlər su altında qalmışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi