TƏBİİ FƏLAKƏT ZONASINDA AVTOMOBİL YOLLARININ BƏRPASI İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR
Bakı, 20 may (AZƏRTAC). Nəqliyyat Nazirliyindən bildirmişlər ki, təbii fəlakət bölgəsinə cəlb olunan maşın və mexanizmlərin sayı xeyli artırılmışdır.
Son məlumatlara görə, Hacıqabul-Qaratəpə-Bəhramtəpə yolunun Şirvan və Sabirabad şəhərləri arasında olan hissəsində asfalt-beton örtüyün bərpası işləri aparılır. Artıq yolun 22-ci kilometrliyinədək hissəsində təmir başa çatdırılmış, magistralın 22-50-ci kilometrlik sahəsində isə işlər sürətlə davam etdirilir.
Nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə Sabirabad-Padar yolunda da asfalt-beton örtüyün tikintisi işləri aparılır. Təmir işlərini Ağsudakı 12 nömrəli yol istismar idarəsi və podratçı təşkilat yerinə yetirir. İndiyədək yolun təmirində 410 ton asfalt-beton qarışığından istifadə edilmişdir.
Zərdab rayonu ərazisində, Kür çayının sol sahilində 45 kilometr uzunluğunda bəndin vurulması nazirliyin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmuşdur. Bəndvurma işlərində 12 ədəd yükünü özüboşaldan maşından, 1 ekskavatordan, 2 qreyderdən, 3 buldozerdən, 2 ədəd yükləyicidən və 52 nəfər işçi qüvvəsindən istifadə edilmişdir.
Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar bənd-bərkitmə və avtomobil yollarının təmiri işlərinə ümumilikdə 486 nəfər işçi qüvvəsi, 207 ədəd avtonəqliyyat vasitəsi və 39 ədəd yol texnikası cəlb olunmuşdur.
Saatlı-Sabirabad rayonlarının birləşdiyi ərazidəki Musalı-Novruzlu kəndlərindən keçən avtomobil yoluna isə daş-çınqıl döşənir. Bu iş Sarısu gölünə bənd vuran maşın və mexanizmlərin hərəkətini asanlaşdırmaq üçün görülür.