QAN YADDAŞI
Təbrizdə çıxan “Şəhriyar” qəzeti 20 Yanvar faciəsinin dəhşətlərindən yazmışdır
Tehran, 24 yanvar (AZƏRTAC). İranın ən nüfuzlu mətbuat orqanları sırasında özünə yer tutan “Şəhriyar” qəzetində dərc olunmuş “20 Yanvar: şəhidlik zirvəsi” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin Azərbaycanda törətdikləri vəhşiliklərdən bəhs olunur.
Təbrizdə nəşr edilən qəzet yazır ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış istiqlal mübarizəsidir. Faciənin törədilməsində məqsəd Azərbaycan xalqını özünün haqq mübarizəsindən çəkindirmək və insanları qorxutmaq idi. Lakin bu hərbi təcavüz xalqı daha sıx birləşdirdi, azadlıq mübarizəsini dəqiq hədəflərə doğru istiqamət götürməsinə səbəb oldu.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran