TEHRAN KONFRANSININ DƏRSLƏRİ İNDİ DƏ AKTUALDIR
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Pyotr Burdıkin konfransı açaraq, diplomatik missiyaların nümayəndələrinə, elm və maarif xadimlərinə, habelə Böyük Vətən müharibəsi veteranlarına tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. O dedi ki, konfransın keçirilməsindən məqsəd Tehran konfransının böyük tarixi əhəmiyyətini bu günədək saxlayan qərarlarını gənc nəslə xatırlatmaqdır. Antihitler koalisiyasına daxil olan 3 dövlət başçısının 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehranda keçirilmiş görüşünün yekunları 60 ildən çoxdur öz aktuallığını itirmir. Hitler Almaniyasının darmadağın edilməsi ancaq ABŞ, Böyük Britaniya və keçmiş SSRİ-nin səylərinin birləşdirilməsi və Qərbi Avropada İkinci cəbhənin açılması sayəsində mümkün olmuşdur.
Rusiya diplomatının sözlərinə görə, təsadüfi deyil ki, indi də məhz bu üç dövlət antiterror koalisiyasında iştirak edir. O, Nyu-Yorkda, Moskvada və Madriddə törədilmiş və yüzlərlə insanın həyatına son qoymuş faciəli hadisələri xatırladaraq dedi: Bəşəriyyəti təhdid edən yeni bəla qlobal terrorizm problemidir. Tehran konfransının sanballı nümunəsi təkcə aktual deyil, həm də zəruridir. Bütün dövlətlər bu təhlükəni aradan qaldırmaq üçün birləşməlidirlər.
Sonra professor Həsən Quliyev “Faşist Almaniyası üzərində qələbədə Tehran Konfransının əhəmiyyəti” mövzusunda məruzə etdi.
Elmi-praktik konfrans iştirakçılarının çıxışlarında qeyd olundu ki, Tehran konfransı İkinci Dünya müharibəsinin son mərhələsini və bundan sonra dünyanın yenidən qurulmasını bir çox cəhətdən əvvəlcədən müəyyən etmişdir.