TƏHSİL NAZİRLİYİNDƏ ELMİ-PRAKTİK KONFRANS
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli liderinin məzarını ziyarət etmişlər.
Təhsil naziri Misir Mərdanov konfransda məruzə ilə çıxış edərək, müstəqil dövlətçiliyimizin yaranmasında və inkişafında, onun dünya dövlətləri arasında öz yerini tutmasında Prezident Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır.
Nazir, müdrik dövlət xadimi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində elm və təhsilimizin tərəqqisində qazanılmış nailiyyətləri konkret faktlarla diqqətə çatdırmışdır.
Sonra təhsil nazirinin müavinləri İradə Hüseynova, Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Seyfəddin Qəndilov, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidovun müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
Məruzəçilər və çıxış edən digər natiqlər ölkəmizdə intellektual potensialın inkişafında, təhsil sistemimizin dünya təhsil sisteminə inteqrasiya olunmasında xalqımızın dahi oğlu Heydər Əliyevin tarixi rolundan danışmışlar.
Sonra fəxri adlara layiq görülmüş təhsil işçilərinə vəsiqələr və döş nişanları təqdim edilmişdir.