Tələbələr "Qara tale, ağ ölüm" sənədli filmini izləyiblər
Bakı, 22 dekabr, AZƏRTAC
Nizami Kino Mərkəzində "Qara tale, ağ ölüm" adlı sənədli filmin nümayişi keçirilib. Film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlanıb.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, sənədli film narkomaniyanın cəmiyyət üçün yaratdığı ağır fəsadları, həmin bəlanın qurbanlarının faciəli talelərini real faktlar və təsirli kadrlarla təqdim edir. Ekran əsərinin əsas məqsədi narkomaniyanın təkcə fərdi yox, bütövlükdə cəmiyyət üçün qlobal təhlükə olduğunu bir daha nümayiş etdirməkdir.
Filmdə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mütəşəkkil mübarizədən geniş bəhs olunur. Narkotik maddələri ən ağlagəlməz üsullarla ölkə ərazisinə keçirməyə cəhd göstərən narkotacirlərin ifşa edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması fakt və sübutlarla göstərilir.
Çəkilişlər sərhəd-keçid məntəqələrində və həbsxanalarda aparılıb. Narkomaniya qurbanlarının etirafları və son peşmançılıqları filmin ən təsirli və həssas məqamları kimi təqdim olunur. Narkotiklərin gətirdiyi bəlanın miqyası qəhrəmanların yaşadığı faciəli talelər üzərindən açıq şəkildə göstərilir və həmin kadrlar xüsusilə yeniyetmələr üçün ciddi ibrət dərsi xarakteri daşıyır.
Nümayişdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllim və tələbələri ilə müzakirə aparılıb.