Tələbələr şamlardan ibarət “Şəhidlərimiz ölməzdir” kompozisiyası hazırlayıblar
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin “Səda” tədris teatrında Vahid Mustafayevin çəkdiyi, 20 Yanvar hadisələrini bütün dəhşətləri ilə özündə əks etdirən “Qanlı Yanvar” bədii filmi göstərilib.
Universitetin rektoru, professor Fərəh Əliyeva 26 il əvvəl Azərbaycan xalqına qarşı törədilən faciədən, xalqımızın azadlıq, müstəqillik uğrunda apardığı mübarizədən söz açıb.
“ANS” Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev “Qanlı Yanvar” filmi barədə təəssüratlarını bölüşüb.
Digər çıxış edənlər də müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixi yoldan söz açıblar.
Sonda tələbələr şamlardan ibarət “Şəhidlərimiz ölməzdir” kompozisiyası təqdim ediblər.