Tələbələr Vətən müharibəsinin qaziləri ilə görüşüblər
Naxçıvan, 19 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin birgə keçirdikləri “Günümüzün qəhrəmanları” adlı tədbirdə II Qarabağ müharibəsinin qaziləri də iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, institutun akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Zəfər tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın güc birliyi sayəsində əldə olunduğunu vurğulayıb.
Rektor tələbələrin əməyini yüksək qiymətləndirib, birgə layihələrin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, muxtar respublikada şəhidlərin xatirəsinə yüksək ehtiram, qazilərimizə göstərilən xüsusi dövlət qayğısı gənclərin bu istiqamətdə təşkil etdiyi tədbirlərin əsas qayəsidir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Vətən müharibəsini dünya tarixində tayı-bərabəri olmayan müharibə və möhtəşəm qələbə kimi dəyərləndirib. Bildirib ki, bu tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir, xalqımızın şanlı tarixidir.
Hər iki ali təhsil müəssisəsi tələbələrinin şəxsi təşəbbüsü sayəsində təşkil edilən tədbiri yüksək qiymətləndirən rektor vurğulayıb ki, bu cür tədbirlərin təşkili gənclərin muxtar respublikada həyata keçirilən nümunəvi vətənpərvərlik tərbiyəsini layiqincə mənimsədiklərini göstərir. Elbrus İsayev diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.
Qazilərimiz Nurlan Quliyev və Pənah Mahmudovun döyüş yolu haqında slayd nümayiş etdirilib. Hər iki qazimiz öz çıxışında Vətənə məhəbbət, düşmənə nifrət hislərini ifadə edib, qalib ölkənin ordusunda döyüşməkdən fəxr duyduqlarını dilə gətiriblər.
Hər iki ali təhsil ocağının tələbələri Vətən, Qarabağ, zəfər mövzularına və ən uca məqam olan şəhidlik zirvəsi haqında ədəbi-bədii kompozisiya nümayiş etdirib, şeirlər söyləyiblər.
Qazilər gənclərin suallarını cavablandırdıqdan sonra Naxçıvan Dövlət Universiteti Rəngkarlıq ixtisası üzrə II kurs tələbəsi Jalə Cəfərli, Naxçıvan Müəllimlər İnstitutu Təsviri incəsənət müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Təranə Zaidova çəkdikləri portretləri Vətən müharibəsi iştirakçılarına təqdim ediblər.