CƏMİYYƏT
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dövlət xətti uğurla inkişaf edir




Tbilisi, 28 sentyabr, AZƏRTAC
Azərbaycanda multikultural dövlət xəttinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, indi Azərbaycan multikultural dəyərlərin təbliği mərkəzinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən "Heydər Əliyev 100: Cənubi Qafqazda dinlərarası sülhün və əməkdaşlığın təmin edilməsi” panel müzakirələri zamanı səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin sədrliyi ilə keçən panel iclasda Gürcüstanın Dini Məsələləri üzrə Dövlət Agentliyinin rəsmisi, Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadzenin mətbuat katibi olmuş Nato Oniani, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, komitə sədrinin müavini Gündüz İsmayılov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və başqaları çıxış edərək Cənubi Qafqazda sabitliyin yaranmasında, regionun inkişafında mühüm rol oynayan irimiqyaslı layihələrin həyata keçirilməsində, soydaşlarımızın inteqrasiyasında Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin rolundan danışıblar.
Vurğulanıb ki, liderlərimizin ən böyük uğurları sülh üçün bir Qafqaz yaratmaqlarında olub.
Bu iki dahi şəxsiyyət arasında olan dostluq iki ölkənin xalqları arasında münasibətləri daha da möhkəmləndirib. Hazırda isə bu ənənəni Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili uğurla davam etdirirlər.
Bildirilib ki, bu gün Azərbaycanda və Gürcüstanda xeyli sayda dini icma var. Bu icmaların da dostluq şəraitində yaşamaları məhz Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin birliyi ilə bağlıdır.
Sonda Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və DQİDK-nin sədri Mübariz Qurbanlı çıxış edib, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, Azərbaycan-Gürcüstan dostluğunun əbədi olacağını vurğulayıblar.
Tədbir Azərbaycanın və Gürcüstanın Dövlət himlərinin səsləndirilməsi ilə başa çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi