“Təmiz Şəhər” ASC-nin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Bakı, 18 iyul, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə qanvermə aksiyasında iştirak ediblər.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda keçirilən aksiyada Mərkəzi Qan Bankının və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələri iştirak ediblər.
Hər il olduğu kimi, bu dəfə də “Təmiz Şəhər” ASC-nin rəhbərliyi və kollektivi, qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Bununla yanaşı, bu il aksiyaya Balaxanı Sənaye Parkının rezidentləri də qoşulublar. “Təmiz Şəhər” ASC-nin 100-ə yaxın əməkdaşının qatıldığı aksiyada toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.
“Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” proqramına qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur.