Tənha və ahıl vətəndaşlara sosial xidmətlər davam etdirilir
Bakı, 11 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilir.
Yeni Azərbaycan Partiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin dövlətimizin başçısının təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara YAP-ın könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.
Həmin tarixdən etibarən bu aksiyaya uyğun olaraq partiyanın könüllüləri və nazirliyin sosial işçiləri müntəzəm olaraq ahılları ziyarət edir, onları gündəlik lazım olan ərzaq və tibbi vasitələri ilə təmin edirlər. Öz növbəsində tənha, ahıl insanlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.