TƏRƏFLƏR İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
AZƏRTAC xəbər verir ki, Səməd Seyidov qonaqlara Azərbaycanda aparılan hüquqi, iqtisadi, sosial və siyasi islahatlar barəsində ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya edir və bu gün Cənubi Qafqazda ən çox inkişaf etmiş ölkədir. Respublikamız dünya ölkələri, o cümlədən Baltikyanı respublikalar ilə əməkdaşlıqda maraqlıdır. Milli Məclisdə dünya dövlətlərinin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir.
Komissiyanın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ağır nəticələri, problemin həllində Azərbaycanın haqlı, Ermənistanın isə qeyri-konstruktiv mövqeyi barədə geniş məlumat vermişdir.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən Andris Teikmanis demişdir ki, Latviya və digər Baltikyanı ölkələr müstəqilliklərini bərpa etdikdən sonra Avropaya inteqrasiya edir. Onun ölkəsi də Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Latviya yaxın vaxtlarda Avropa Birliyinə və NATO-ya tam hüquqlu üzv olacaqdır. Bu məsələlərdə rəsmi Riqa Azərbaycana kömək edə bilər.
Baltikyanı respublikalar Cənubi Qafqazda gedən prosesləri diqqətlə izləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq. Bu ilin yayında Latviya prezidenti Cənubi Qafqaza səfərə çıxacaqdır və bu səfər zamanı ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalanacaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin Latviya parlamenti ilə dostluq qrupunun üzvləri, Latviyanın ölkəmizdəki səfiri və digər rəsmi şəxslər iştirak etmişlər.