Tərtərdə fəal gənclər mükafatlandırılıb
Tərtər, 31 yanvar, AZƏRTAC
Tərtər rayon Mədəniyyət Mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra Mədəniyyət Mərkəzinin foyesində gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onların ölkənin ictimai-siyasi həyatında fəal rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə qazandıqları uğurlardan söz açıblar. Bildirilib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənclərin potensialının üzə çıxarılmasına, milli maraqların qorunmasına və onların ictimai həyatda fəal iştirakının təmin edilməsinə xidmət edir.
Çıxışlarda rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən, Gənclər Mərkəzinin, Olimpiya İdman Kompleksinin, Uşaq-Gənclər Şahmat Məktəbinin, süni örtüklü idman meydançalarının istifadəyə verilməsindən, park və istirahət guşələrinin salınmasından bəhs olunub.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə fəxri fərman, qiymətli hədiyyələr, YAP sıralarına yeni qatılan bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim olunub. Sonra iştirakçılar rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramını izləyiblər.