Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıblar
Tərtər, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Sonra Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə foyedə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr olunan film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, siyasi rəhbərliyi və uzaqgörənliyi ilə ölkənin taleyində dönüş yaradan tarixi şəxsiyyətdir. Heydər Əliyevin fəaliyyəti yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycanın inkişaf konsepsiyasının əsasını təşkil edib.
Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan həm sovet hakimiyyəti illərində, həm də müstəqilliyin ağır və məsuliyyətli mərhələlərində böyük sınaqlardan uğurla çıxıb. Onun siyasi iradəsi, xalqına olan sevgisi və qətiyyətli addımları sayəsində ölkəmiz dağılmaq təhlükəsindən xilas olub, sabitlik və inkişaf yoluna qədəm qoyub.
Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi bu xəttin uğurunun ən böyük sübutudur.