Təyyar Eyvazov: Vaksinlərin qoruyuculuq müddətinin ən azı yarım ildən çox olacağı gözlənilir
Bakı, 17 mart, AZƏRTAC
Vaksinlər müxtəlifdir və hər peyvənd istehsalçı məhsulunu koronavirusa yoluxmadan qoruma müddətini fərqli göstərir. Qeyd edim ki, “Sputnic V” vaksininin qoruyuculuq müddətinin 2 ilə qədər olduğu deyilir. Həmin məlumatların doğruluğunu zaman göstərəcək. Ümumi olaraq vaksinlərin təsirinin ən azı yarım ildən çox olacağı gözlənilir. Bəzi tədqiqatlara görə, bu müddətin 6-8 ay və ondan çox olacağı da güman edilir. Lakin bununla bağlı da tam məlumat yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.
Baş infeksionist bildirib ki, vaksin vurdurmazdan əvvəl nə vaxtsa infeksiyaya yoluxmağı müəyyənləşdirmək məqsədilə qan analizi verməyə ehtiyac yoxdur. Çünki xəstəliyə yoluxub sağalmaq vaksinasiya üçün əks-göstəriş deyil. Xəstəliyi keçirib sağalanlar müəyyən müddətdən sonra vaksinasiya olunarsa, bu, immunoloji yaddaşı bir qədər də təzələyir və həmin şəxslərin qorunma şansı çoxalır. Araşdırmalara görə xəstəliyi keçirib sağalan insanlarda vaksindən sonra əmələ gələn anticisimlərin səviyyəsi daha yüksək olur. Ona görə də analiz verilməsinə ehtiyac yoxdur. Lakin hər kəs özü haqqında fərdi məlumat almaq üçün analiz verə bilər.