Tibb Universitetində amerikalı professorun uşaq və yeniyetmələrin sağlamlığı mövzusunda məruzəsi dinlənilib
Bakı, 5 mart, AZƏRTAC
ABŞ-ın Viskonsin Lakers Universitetinin professoru Robert Jecklin Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin dəvəti ilə ictimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisasına aid olan kafedraların dərsliklərinin yenilənməsi, dərs proqramlarının modernləşdirilməsi işinin təşkilinə yardım etmək məqsədilə bir aydır ki, təhsil ocağına səfərə gəlib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC -a verilən məlumata görə, amerikalı professor ictimai səhiyyə fakültəsinin VI kurs tələbələri və fakültə kafedralarının professor-müəllim heyəti qarşısında “ABŞ-da uşaq və yeniyetmələrin sağlamlığının qorunması sahəsində ictimai səhiyyənin praktikası” mövzusunda məruzə edib. Məruzəçi həmçinin ictimai səhiyyənin əlverişli perspektivləri olduğunu qeyd edib, ABŞ-da tətbiq olunan bir sıra yeniliklərin Azərbaycan səhiyyəsinə gətirilməsi məsələsinə də toxunub.
Amerikalı professor məruzədən sonra tələbə və müəllimləri maraqlandıran suallara cavablar verib.