Tibb Universitetinin tələbələri üçün “TOM” layihəsinin təqdimatı keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün nəzərdə tutulan “Tikkun Olam Makers” (“TOM”) layihəsinin nümayəndələri Azərbaycan Tibb Universitetində (ATU) olublar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə dəstəkçiləri “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təmsilçiləri bu layihəyə xüsusi qayğıya ehtiyacı olan insanların problemlərini həll etmək üçün startap ideyalarının qəbul olunduğunu və onların reallaşmasına kömək edildiyini bildiriblər. Bu baxımdan innovativ ideyaları olan ATU tələbələrinin layihədə iştirakı məqsədəuyğun ola bilər.
Görüş zamanı “TOM” layihəsinin təqdimatı keçirilib. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar ilə ehtiyac sahiblərini əlaqələndirməkdir.
Qeyd olunub ki, ATU tələbələri fiziki məhdudiyyətli insanların hər gün üzləşdiyi problemlərin aradan qaldırılması üçün əlçatan həllər yarada bilərlər. Tələbələrə konkret problemləri olan insanların müraciətləri təqdim olunub və onlara yardım etmək üçün ideyalar hazırlanması təklif edilib.