CƏMİYYƏT
Tibbi kollecinin tələbələri narkotik vasitələrin fəsadları barədə məlumatlandırılıblar





Bakı, 28 sentyabr, AZƏRTAС
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəsi çərçivəsində “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə 2 saylı Bakı Baza Tibb Kollecində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Həyatla oyun” tamaşası nümayiş etdirilib.
Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl çıxış edənlər 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, bu sahədə ölkəmizdə hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları tərəfindən görülən işlər, dövlətimizin gənclərə qayğısından, maarifləndirmə tədbirləri və onların əhəmiyyətindən danışıb və 802 qaynar xəttin fəaliyyət istiqaməti barədə tələbələrə məlumat verilib.
Gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, onların istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.