Tikinti-söküntü tullantılarının düzgün idarə olunması beynəlxalq təcrübəyə və elmi-praktik yanaşmaya əsaslanmalıdır
Ağdam, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, müasir infrastrukturun tikilməsi, həmin ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyası, mədəni-tarixi abidələrin bərpası, layiqli yaşayış şəraitinin yaradılması və əhalinin geri qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu ərazilərdə intensiv tikinti işləri aparıldığı üçün, tikinti-söküntü tullantılarının düzgün və optimal idarə olunması məqsədilə uğurlu beynəlxalq təcrübəyə və elmi-praktik yanaşmaya əsaslanan həll yolları olduqca vacib və aktualdır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
“Ətraf mühitə zərərli təsirin minimuma endirilməsi və tikinti materiallarının qənaətli istifadə edilməsi məqsədilə mövcud dağıntıların qiymətləndirilməsi, tikinti-söküntü tullantılarının təkrar emal imkanları və təkrar istifadə seçimləri, o cümlədən bu tullantıların idarə edilməsinin planlaşdırılması və tətbiqi məsələləri daim gündəlikdədir”, - deyə o əlavə edib.