“Time” jurnalı: “OpenAI”ın rəhbəri “İlin CEO”-su seçilib
Bakı, 7 dekabr, AZƏRTAC
Amerikanın “Time” jurnalı “OpenAI” şirkətinin süni intellektli (Sİ) ChatGPT çat-botunu işləyib hazırlayan baş direktoru Sem Altmanı “İlin CEO-su” seçib.
Nəşrin yazdığına görə, ChatGPT indiyədək ən tez tətbiq edilən və bəyənilən proqramdır, neyroşəbəkədən istifadə isə həm şirkətin özü, həm də bütün dünya üçün böyük yeniliyə çevrilib. Üstəlik, S.Altman dünyanın ən nüfuzlu və hörmətli rəhbərlərindən biri adını qazanıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, noyabrın ortalarında “OpenAI” şirkəti S.Altmanın istefaya göndərildiyini açıqlayıb. Buna səbəb kimi, şirkətin rəhbərinin Direktorlar Şurası ilə ünsiyyət zamanı tam səmimi olmaması göstərilib ki, bu da onun öz öhdəliklərini lazımınca yerinə yetirməsinə mane olub. “Onun yerinə “Twitch” şirkətinin keçmiş baş icraçı direktoru Emmet Şir təyin edilməli idi”, - deyə şirkətdən bildirilib.
“The Information” portalı, S.Altmanın yenidən öz vəzifəsinə qayıtmaqdan imtina etməsi xəbərindən sonra “OpenAI” şirkətinin onlarla əməkdaşının istefa verdiklərini qeyd edib.
Daha sonra “OpenAI” onun şirkətə CEO (Baş İcraçı Direktor) kimi qayıdacağını bəyan edib.
Qeyd edək ki, “OpenAI” şirkəti 2022-ci ildə istifadəçilərlə dialoq rejimində ünsiyyət qurmağa imkan yaradan ChatGPT xidmətini təqdim edib. Çat-bot dəqiqləşdirici suallara cavab verə, öz səhvlərini etiraf edə, düzgün olmayan iddiaları mübahisələndirə və yersiz sorğuları təxirə sala bilir.